“Mədəniyyət rüzgarı” silsilə tədbirləri çərçivəsində növbəti seminar





Bakı, 11 aprel, AZƏRTAC
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə “Mədəniyyət rüzgarı” silsilə tədbirlər çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrında “Nəsildən-nəslə teatr” layihəsinin “Aktyorluq: min maskalı qəhrəmanın səyahəti” adlı yeni seminar təşkil olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, MEMİM-in direktoru vəzifəsini icra edən Vüqar Hümbətov teatrın inkişafı üçün həyata keçirdikləri layihələrdən, teatrın bir xalqın özünüdərk prosesində, mənəviyyat və mədəniyyətinin zənginləşməsində oynadığı əhəmiyyətli roldan, belə tədbirlərin paytaxt və region teatrları üçün əhəmiyyətindən danışıb.
Teatrşünas Dağlar Yusifin moderatorluğu ilə keçirilən seminarın qonağı Xalq artisti Nurəddin Mehdixanlı gənclərə aktyor sənətinin sirləri, vətənə və sənətə sevgi, aktyor-tamaşaçı ünsiyyəti, teatrda aktyorun mövqeyi kimi mövzulardan söhbət aparıb.
Tədbir Gəncə teatrlarının kollektivləri ilə yanaşı, ətraf rayonların teatr nümayəndələri və teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
“Nəsildən-nəslə teatr” layihəsi çərçivəsində təşkil olunan seminarların məqsədi nəsillər arasında fikir və təcrübə platforması yaratmaqla milli teatrın inkişaf prosesinə töhfə vermək, həmçinin müasir beynəlxalq tendensiyaların tətbiqi, sahəyə marağın artırılması və gənclərin prosesə cəlb edilməsi ilə aktiv yaradıcı mühitin formalaşdırılması kimi məqamlardan ibarətdir.