MƏDƏNİYYƏT
Mədəniyyət və Turizm Nazirliyi 2015-ci ilə yekun vurub
![](/files/galleryphoto/2015/3/1200x630/14510319552974744365_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/14510319555150462405_1200x630.jpg)
![](/files/galleryphoto/2015/3/1200x630/1451031955815229885_1200x630.jpg)
Bakı, 25 dekabr, AZƏRTC
Dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi.
AZƏRTAC xəbər verir ki, əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar mədəniyyət işçisi” fəxri adına, eləcə də nazirliyin “Fəxri mədəniyyət işçisi” döş nişanına layiq görülən şəxslərə təltifləri təqdim edib.
İclasda geniş məruzə ilə çıxış edən nazir vurğulayıb ki, cari ildə Prezident İlham Əliyev tərəfindən mədəniyyət və turizm sahələri ilə bağlı 78 sənəd imzalanıb. Bu, ölkəmizdə mədəniyyət və incəsənət, eləcə də turizm sahəsinə diqqət və qayğının göstəricisidir. Qeyd olunub ki, cari ildə mədəniyyət və incəsənət xadimlərinin, yazıçı və şairlərin yubileyləri haqqında dövlət başçısının müvafiq sərəncamlarının icrası ilə bağlı silsilə tədbirlər keçirilib.
İl ərzində nazirlik tərəfindən həyata keçirilən layihələrdən söz açan Ə.Qarayev “Bölgələrdən paytaxta” layihəsini xüsusi qeyd edib, layihənin şəhər və rayonlarımızın mədəni zənginliyi, tarixi irsi və müasir inkişafının paytaxt sakinlərinə daha yaxından təqdimatına zəmin yaratdığını bildirib. Mədəniyyət və turizm sahələrində həyata keçirilən silsilə layihələrin qarşıdakı ildə də davam etdiriləcəyini vurğulayıb.
Nazir məruzəsində 2015-ci ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb. Bildirib ki, mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Bu il həm də “Lahıc misgərlik sənəti” UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilməsi ilə yadda qaldı. Azərbaycan muğamına, aşıq sənəti və xalçaçılığına, tar ifaçılığına və digər irs nümunələrinə UNESCO səviyyəsində diqqət ayrılması ölkəmizin bu mötəbər beynəlxalq təşkilatla sıx əlaqələrinin göstəricisidir.
Diqqətə çatdırılıb ki, il ərzində Bakıda mədəniyyətlərarası dialoqa, inteqrasiya və mədəni müxtəlifliyin qorunmasına xidmət edən iki böyük beynəlxalq tədbir - III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ISESCO Baş Konfransının 12-ci sessiyası və İcraiyyə Şurasının 36-cı iclası keçirilib. 2016-cı ilin 25-27 aprel tarixində isə paytaxtımız BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edəcək.
Nazir qeyd etdi ki, turizmlə bağlı həyata keçirilən siyasət, bu sahədə reallaşan layihələr Azərbaycanda turizmin inkişafına öz təsirini göstərir. Ölkəmiz bu il də beynəlxalq turizm sərgilərində, konfrans və toplantılarda uğurla təmsil olunub. Turizm obyektləri ilə yanaşı xidmət sektoru, turizm üzrə mütəxəssislərin hazırlanması və həmin müəssisələrdə işlə təminatı da əsas məqamlardandır. Bu baxımdan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci, eləcə də turizm peşə məktəbi kadr hazırlığında özünü doğruldur.
Məruzədə teatr, kinematoqrafiya sahəsi, muzey, kitab nəşri və kitabxana işinin inkişafını səciyyələndirən amillərdən bəhs edilib. Nazirlik tərəfindən görülmüş işlərinin geniş ictimaiyyətə çatdırdılması məsələsinə toxunan Əbülfəs Qarayev vurğulayıb ki, nazirliyin yenilənmiş saytı və “facebook” səhifəsi informasiyaların daha operativ və dəqiq şəkildə yayılmasını təmin edir. Müasir dövrdə sürətli informasiya mühüm məsələdir. Bununla bağlı kitabxanalar, muzeylər, teatrlar, konsert müəssisələri də öz saytlarını fəallaşdırmalı və keçiriləcək tədbirlərlə bağlı insanlara vaxtında məlumat verməlidir.
Əbülfəs Qarayev bildirdi ki, 2016-cı ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ regionlarla iş olacaq. Hədəflərimiz bölgələrimizdə mədəni irsimizin təbliği və onun inkişafına yönəldiləcək. Bu səbəbdən də Bakıda fəaliyyət göstərən bütün iri mədəniyyət ocaqları bu istiqamətdə planlar tətbiq etməlidirlər. Vaxtaşırı bölgələrdə “dəyirmi masa”lar, konsertlər, seminarlar, ustad dərsləri və s. təşkil olunmalıdır.
Nazir çıxışında onu da bildirdi ki, müvafiq əmək müqaviləsinin bitməsinə görə Xalça Muzeyinin direktoru Röya Tağıyeva, işində yol verdiyi nöqsanlara və fəaliyyətsizliyə görə Qobustan Milli Tarixi-Bədii Qoruğunu direktoru Məlahət Fərəcova tutduqları vəzifədən azad olunublar.
Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin birinci yarımillik iş planı təsdiq edilib.