CƏMİYYƏT
“Medinex” sərgisində iştirak edən TƏBİB mütəxəssislər üçün geniş işgüzar proqram hazırlayıb
![“Medinex” sərgisində iştirak edən TƏBİB mütəxəssislər üçün geniş işgüzar proqram hazırlayıb](/files/2022/3/1200x630/16673959315191820834_1200x630.jpg)
Bakı, 2 noyabr, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsin (TƏBİB) dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi tibb sahəsindəki innovasiyaları genişləndirmək, yenilikləri təqdim etmək, yeni təmayülləri müəyyənləşdirmək məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova deyib.
O bildirib ki, TƏBİB sərgidə rəsmi tərəfdaş olmaqla bərabər, 64 kvadratmetrlik sahəni əhatə edən rəsmi pavilyonla təmsil olunur. Sərgi çərçivəsində TƏBİB-in dəstəyi ilə tibbin müxtəlif sahələrindən mütəxəssislərin iştirak edəcəyi işgüzar tədbirlər keçiriləcək. “Beləliklə, laparoskopik cərrahiyyədə müasir texnologiyaların tətbiqi, ürək-damar xəstəliklərinə çoxtərəfli baxış, aktual uşaq və yeniyetmə problemlərinə psixiatrik yanaşma, hemofiliyalı xəstələri üçün stomatoloji və fizioterapevtik xidmətlər, diaqnostika, nutrigenetika, gələcəyin texnologiyaları olan 3D mulyajlar, müasir protez texnologiyaları, onkoloji xəstəliklərin erkən diaqnostikası, innovativ ortez protezlər və onların reabilitasiyada tətbiqi, münaqişədən sonrakı dövrdə psixi sağlamlıq xidmətləri, xəstəliklərin müalicəsində kök hüceyrə və nanotexnologiya əsaslı metodların tətbiqi, vərəm və digər ağciyər xəstəliklərinin skrininqində süni intellektin tətbiqi və kök hüceyrə transplantasiyası kimi mövzular müzakirə olunacaq”.
Sərgidə iştirakın məqsədləri barədə danışan Z.Ədilova deyib: “Sərgidə iştirak etməkdə əsas məqsədimiz xidmətlərimizlə və müəssisəmizlə bağlı ziyarətçiləri məlumatlandırmaq, yeni əməkdaşlıq əlaqələri qurmaq, tibb sahəsindəki yeniliklərlə tanış olmaqdır. Sahənin peşəkarlarını, tələbələri, tibb xidmətlər haqqında məlumat almaq və yararlanmaq istəyən vətəndaşları pavilyonumuzda görmək istərdik.
Sərgi iştirakçıları beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanı ilə yanaşı, səmərəli təcrübə mübadiləsi və yeni biliklər əldə edirlər.
“Medinex” sərgisi də həmçinin yerli və xarici şirkətlər, dövlət qurumları arasında əməkdaşlığın qurulması və inkişaf üçün əhəmiyyətli beynəlxalq platforma rolunu oynayır”.
Z.Adilova, həmçinin bildirib ki, sərgidə TƏBİB tərəfindən tibbin tarixini əks etdirən fotosərgi təşkil olunub.