Məhəmməd Barkindo: OPEC neft bazarını sabitləşdirmək istiqamətində səylərini davam etdirəcək
Bakı, 8 may, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) neft bazarını sabitləşdirmək istiqamətində səylərini davam etdirəcək.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
“Biz OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrə güvənirik. OPEC-ə daxil olmayan tərəfdaşlarımız neft bazarında tarixin ən çətin dövründən sonra sabitliyi bərpa etmək üçün birgə səyləri dəstəkləyir. Biz bu qeyri-müəyyənlikdə liderlik etməyə davam edirik. Neft bazarının yenidən bərpası artıq 4 ilədək davam edən uzun prosesdir. Bu, hələ də davam edən bir işdir və davamlılığı tələb edir”, - deyə OPEC-in baş katibi bildirib.
Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.
2017-ci il mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin noyabrın 30-da isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul edilib. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub. Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyini bu ilin ötən aylarında tam yerinə yetirib.