MƏHKƏMƏ-HÜQUQ ŞURASININ NÖVBƏTİ İCLASI OLMUŞDUR
Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov iclasda çıxış edərək, ölkəmizin Prezidenti İlham Əliyevin məhkəmə sisteminin müasirləşdirilməsi üzrə tapşırıqlarının icrası ilə bağlı görülən işlərdən danışmış, yeni yaradılan məhkəmələrin fəaliyyətə başlaması üçün təşkilati tədbirlər barədə məlumat vermiş, qarşıda duran vəzifələrə toxunmuşdur.
Həmçinin, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Avropa Şurasının tövsiyələrinə əsasən hazırlanmış bəzi qanunvericilik aktlarının layihələri, habelə məhkəmə sisteminin daha da təkmilləşdirilməsi üzrə tədbirlər nəzərdən keçirilmiş, Ədliyyə Nazirliyi tərəfindən aparılmış məhkəmə monitorinqlərinin nəticələri müzakirə edilmişdir.
Qeyd olunmuşdur ki, dövlətimizin başçısının məhkəmələrdə icra və əmək intizamına ciddi əməl edilməsi, süründürməçilik hallarının aradan qaldırılması barədə tapşırıqlarının icrası üzrə son dövrlərdə Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmələrdə monitorinqlər keçirilmiş, aşkar edilmiş pozuntular hakimlərin iştirakı ilə geniş müzakirə olunmuş, icra və əmək intizamının pozulması hallarına yol verdiklərinə görə bir qrup hakim barədə intizam icraatları başlanılmışdır. Görülmüş tədbirlər öz müsbət bəhrəsini vermiş və bir sıra nöqsanların qarşısı alınmışdır.
Məhkəmə-Hüquq Şurasının iclasında hakimlər barədə intizam icraatlarına baxılaraq fəaliyyətlərində qanunvericiliyin tələblərini, o cümlədən vətəndaşların mülkiyyət hüquqlarını pozduqlarına, işlərə süründürməçiliklə, xüsusi geyimdə olmadan, aşkarlıq prinsipinə zidd olaraq xidməti kabinetlərdə baxdıqlarına və digər kobud qanun pozuntularına yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Şahin Abdullayevə, Binəqədi Rayon Məhkəməsinin hakimi Əhməd Sarıyevə, Xətai Rayon Məhkəməsinin hakimi İsgəndər Qasımova, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin hakimi Əliyar Qurbanova, Bakı İqtisad Məhkəməsinin hakimi Maşallah Ələkbərova töhmət verilmiş, Füzuli-Qubadlı Hərbi Məhkəməsinin hakimi Elnur Cəbiyevə irad tutulmuşdur.
Eyni zamanda, iclasda hakimliyə namizədlər üçün ilkin hazırlıq kursunun və hakim vəzifələrinə yeni namizədlərin sənədlərinin qəbulunun nəticələri barədə Hakimlərin Seçki Komitəsinin sədri İman Nağıyevin məlumatı dinlənilmişdir.
Müasir tədris üsullarından istifadə edilməklə 5 ay müddətində keçirilən ilkin hazırlıq kursunun tədris proqramının nüfuzlu beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanması, namizədlərin hakim olmaq üçün lazımi biliyə və peşə hazırlığına yiyələnməsinə xüsusi diqqət yetirilərək, proqrama ən aktual, o cümlədən insan haqları, korrupsiya, məhkəmə etikası, hakimin davranışı, məhkəmədə işin səmərəli təşkili və digər məsələlərə dair mövzuların daxil edilməsi, 2 aydan çox müxtəlif məhkəmələrdə stajkeçmənin təşkil olunması qeyd edilmişdir. Kurslarda nüfuzlu xarici mütəxəssislərin, yüksək məhkəmə hakimlərinin, görkəmli alimlərin, zəngin biliyə və təcrübəyə malik olan şəxslərin mühazirələri təşkil olunmuşdur.
İlkin tədris kursunun müvəffəqiyyətlə başa çatması iclasda vurğulanaraq onun nəticələri üzrə namizədlərlə şəffaf şəraitdə, müşahidəçilərin iştirakı ilə imtahanların və yekun müsahibənin keçirilməsi məsələlərinə baxılmışdır.
Tədbirdə hakimliyə namizədlərin növbəti sənəd qəbulunun başa çatması, 700-dən çox şəxsin öz namizədliyini irəli sürməsi bildirilmiş, namizədlərlə test imtahanlarının beynəlxalq standartlara uyğun, tam şəffaf şəraitdə keçirilməsi üzrə təşkilati tədbirlər müzakirə olunmuşdur.