MƏHKƏMƏLƏRƏ YENİ TƏYİN OLUNMUŞ 102 HAKİM AND İÇMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 7-də Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumu keçirilmişdir.
Plenumda respublika məhkəmələrinə yeni təyin olunmuş 102 nəfər hakim məhkəmələr və hakimlər haqqında Qanunun tələbinə əsasən ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyinə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağına, yüksək hakim adına layiq davranacağına and içmişdir.
Plenuma sədrlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev bildirmişdir ki, respublikamızda məhkəmə-hüquq islahatları çərçivəsində yeni hakimlər korpusunun yaradılması sahəsində hüquqi-təşkilati tədbirlər uğurla həyata keçirilməkdədir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən hakimlərin işinin yüngülləşdirilməsi və işlərə daha keyfiyyətli baxılması məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, hakim ştatlarının sayı 50 faiz artırılmış və bununla əlaqədar, hakimliyə namizədlərin seçilməsi prosesi aparılmışdır.
Çoxmərhələli seçim prosedurlarında, o cümlədən test, yazılı və şifahi imtahanlarda müvəffəqiyyət qazanmış 102 hakimliyə namizəd yarım illik tədris kursunu, məhkəmələrdə staj keçməni və digər mərhələləri uğurla başa vurmuşdur.
Bildirilmişdir ki, yüksək bilik və peşə vərdişi nümayiş etdirən namizədlər hakim vəzifələrinə təyin olunmaq üçün layiq bilinmiş və Prezident İlham Əliyevin 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunmuşlar.
Çıxış edənlər yeni təyin olunmuş hakimlərə ədalət mühakiməsini daim qanunun aliliyi prinsipi əsasında həyata keçirməyi tövsiyə etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Ali Məhkəmənin yeni hakimlərinin təyin edilməsi ilə əlaqədar plenum iclasında Milli Məclisin 2008-ci il 13 iyun tarixli qərarı ilə Ali Məhkəmənin məhkəmə kollegiyaları tərkiblərinin yenidən təşkil edilməsinə də baxılmışdır.
######
