MEK-də Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir təşkil edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanışlıq olub, “Zəfər memarları” guşəsinə və nəşrlərə baxış keçirilib.
Dəyirmi masa ətrafında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıyan tarixi günlərdən biri odluğunu vurğulayıb. Direktor qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimiz qısa müddətdə azad edilib. Azərbaycan hərbi qüdrətini, xalqın həmrəyliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. O, Birinci Qarabağ müharibəsində öz qardaşının da şəhid olduğunu diqqətə çatdıraraq şəhidliyin Azərbaycan xalqının yaddaşında yalnız itki və kədər deyil, eyni zamanda Vətənə bağlılığın, fədakarlığın və qəhrəmanlığın ən yüksək nümunəsi kimi yaşadığını xüsusi qeyd edib.
Tədbirdə şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Cəmil Nəcəfovun anası Mətanət Nəcəfova, şəhid Əsəd Həsənovun anası Mələk Həsənova və şəhid İlqar Əhmədovun anası Leyla Əhmədova çıxış ediblər. Şəhid anaları çıxışlarında övladlarının şəhidlik zirvəsinə ucalarkən göstərdikləri qəhrəmanlıqlardan söz açıb, onların Vətənə, torpağa və xalqa olan sevgisindən bəhs ediblər. Sonda şəhid anası Leyla Əhmədova müəllifi olduğu kitabları Mərkəzi Elmi Kitabxananın fonduna hədiyyə edib. Birinci Qarabağ müharibəsinin qaziləri İlqar Hüseynov və Elşad Babayev çıxış edərək döyüşçülərin nümayiş etdirdiyi rəşadət və vətənpərvərliyin gənc nəsillər üçün hər zaman bir məktəb, qürur mənbəyi olaraq qalacağını əminliklə vurğulayıblar.
MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun rəhbəri, şəhid bacısı Roksana Səfərzadə Azərbaycan tarixində qızıl hərflərlə yazılmış şanlı Zəfərin memarları və bu tarixi yazan qəhrəmanlarımızın əziz xatirəsinin kitabxana fondunda ən yüksək səviyyədə qorunduğunu və təbliğ edildiyini qeyd edib. Sonda şəhid ailə üzvləri və qazilərin iştirakı ilə keçirilən tədbirdə Anım Gününə dair kitab sərgisi təşkil olunub, videoçarx nümayiş etdirilib.