MEK EBSCO məlumat bazasını təqdim edib
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (AzKİK), AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) və EBSCO-nun təşkilatçılığı ilə EBSCO məlumat bazasının təqdimatı keçirilib.
MEK-dən AZƏRTACA-a bildirilib ki, MEK-in direktoru Leyla İmanova təqdmatın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin elmi jurnalların monitorinqi və nəşriyyat fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərarının tədbirlər planına uyğun olaraq keçirildiyini diqqətə çatdırıb.
EBSCO İnformasiya Xidmətlərinin Türkiyə, Albaniya və MDB ölkələri üzrə təmsilçisi Mehmet Can Soyulmaz ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixi haqqında məlumat verib. Bildirib ki, şirkət aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. EBSCO təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim edir.
Mehmet Can Soyulmaz GOBİ kitabxana sistemi, onun yaranması və müasir dövrdəki fəaliyyəti haqqında da məlumat verib. Vurğulayıb ki, bir neçə ildir fəaliyyət göstərən GOBİ kitabxana sistemi oxucular üçün kitabların axtarılması, sifarişi, daha asan şəkildə əldə edilməsində köməklik edir.
M.Soyulmaz, həmçinin “Taylor Francis”, “Cambridge University Press”, “Wiley” nəşriyyat evləri haqqında təlimçiləri məlumatlandırıb, onların xüsusi paketə malik olmaları, impakt faktorlu jurnalları satın almaları, yeni nəşrlərlə yanaşı, jurnalların arxivini də əldə etmək imkanlarından söz açıb. Bu nəşriyyat evlərinin satınalmada əsasən dərnək nəşrlərinə, elm üzrə Nobel mükafatçılarının əsərlərinə və s. üstünlük verdiklərini vurğulayıb. Mehmet Can Soyulmaz sözügedən nəşriyyat evlərinin e-resurslarının 2 ay müddətinə ödənişsiz açıq istifadəyə veriləcəyini bildirib.
İnteraktiv formatda davam edən təqdimatda mövzu ilə bağlı suallar cavablandırılıb. Leyla İmanova AzKİK üzvləri adından EBSCO bazasından sənədlərin alınması əvəzinə adekvat mübadilə modeli təklif edib. Tədbir çərçivəsində Mehmet Can Soyulmaz ilə EBSCO, “Cambridge” və başqa elektron informasiya xidmətlərinin nümayəndəliklər tərəfindən akademik yazı qaydaları üzrə təlim imkanları müzakirə edilib.
Tədbirin ikinci hissəsinə MEK-in əməkdaşları ilə yanaşı, AMEA-nın müxtəlif institutlarının təmsilçiləri də qatılıblar.