MEK ilə Qazaxıstanın Avrasiya Milli Universiteti arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub
Bakı, 3 dekabr, AZƏRTAC
Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər.
MEK-dən AZƏRTAC-a bildirilib ki, rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyev ilə keçirilən görüşdə qonaqlara Mərkəzi Elmi Kitabxananın tarixi, zəngin fondu, rəqəmsallaşdırma imkanları və oxucular üçün yaradılmış müasir şərait barədə geniş məlumat verilib.
Kitabxananın fəaliyyəti ilə yaxından tanış olan qazaxıstanlı qonaqlar, öncə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu, buradakı guşələr, toplanan dəyərli nəşrlər haqqında ətraflı məlumat alıblar. Daha sonra qonaqlar AMEA-nın təsisçilərinin büstləri, zəngin kolleksiyaların saxlandığı Akademiklər kitabxanası, eləcə də Diplomatik fondda müxtəlif ölkələrin diplomatik nümayəndəliyi tərəfindən MEK-ə hədiyyə edilən kitablardan ibarət guşə, Nadir kitablar və Xarici dillərdə ədəbiyyat fondu ilə tanış olublar.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən qonaqlar, təmsil etdikləri ali təhsil ocağı haqqında məlumatları diqqətə çatdırıblar.
Görüş zamanı gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı təkliflər irəli sürülüb.