Meksikanın “Excelsior” qəzetində “İşğal və soyqırımı” adlı məqalə dərc olunmuşdur
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 25-də Azərbaycan Latın Amerikası Assosiasiyasının prezidenti Natiq Atakişiyevin Meksikanın “Excelsior” qəzetində “İşğal və soyqırımı” adlı məqaləsi dərc olunmuşdur.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti çərçivəsində 1992-ci il fevralın 26-da Xocalıda törətdiyi soyqırımından ətraflı bəhs edilmişdir.
Müəllif dinc və müdafiəsiz mülki azərbaycanlılara qarşı törədilmiş misli görülməmiş qəddarlığın Ermənistanın Dağlıq Qarabağda və digər işğal edilmiş Azərbaycan ərazilərində apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu faktlarla bildirmişdir. Qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş bu vəhşi qəddarlığın Xocalı hadisələri ilə bitmədiyini qeyd edən N.Atakişiyev bu soyqırımının nifrətin çoxşaxəli təzahürlərindən yalnız biri olduğunu vurğulamışdır.
Xocalı soyqırımının həyata keçirilməsi ilə milli mənşəyinə görə bir qrup insanın bütövlükdə və ya qismən məhv edilməsi məqsədinin güdüldüyünü bildirən müəllif bunun 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında” Konvensiyada təsvir edilən cinayətkarlıq olduğunu vurğulamışdır.
Müəllif Xocalı faciəsinin günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınmasına xidmət edəcəyini bildirmişdir.
Məqalədə dünya ictimaiyyəti tərəfindən Ermənistanın Azərbaycan torpaqlarının işğalının pisləndiyi qeyd edilmiş, bununla bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, həmçinin bir sıra dövlətlərin, eləcə də ABŞ-ın bəzi ştatlarının Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi sənədlər xatırlanmışdır.