“Məktəbimizdə” fotorubrikası Şəki şəhərindəki təhsil müəssisəsinə həsr olunub
Bakı, 5 fevral, AZƏRTAC
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, budəfəki fotorubrika Şəki şəhəri 11 nömrəli tam orta məktəbə həsr olunub. Sözügedən məktəb 1925-ci ildə istifadəyə verilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yeni tikilmiş məktəb binası 960 şagird yerlikdir. Burada 40 sinif otağı ilə yanaşı, hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt və idman zalları, yeməkxana var.
Məktəbdə “Vətən oğlu” hərbi-vətənpərvərlik klubu, “İntellektual klub”, “Kiçik akademiya” fəaliyyət göstərir.
Hazırda məktəbdə 930 şagird, həmçinin 4 məktəbəhazırlıq qrupunda 85 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur.
Məktəbi 2018-2019-cu tədris ilində bitirmiş 49 məzundan 38-i ali, 11-i isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Şagirdləri müxtəlif olimpiada, müsabiqə və yarışlarda uğurla iştirak edən məktəb müxtəlif illərdə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülüb.