Məktəbin İnkişaf Planının yazılmasına metodik dəstək məqsədilə görüşlər davam edir
Bakı, 4 may, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə 10 yeni məktəbdə fəaliyyətini davam etdirir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) monitorinqi əsasında aşağı nəticələr göstərən, eləcə də metodik dəstək məqsədilə Təhsil İnstitutuna təhkim olunan 10 yeni məktəbdə (91, 111, 159, 162, 238, 242, 260, 265, 276 və 284 nömrəli) Məktəbin İnkişaf Planının yazılması prosesi aparılıb.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Görüşlərdə TKTA-nın monitorinq nəticələri, institutun MİP üzrə əvvəlki illərlə bağlı təcrübəsi və metodik dəstəyini əks etdirən təqdimat nümayiş olunub. Eyni zamanda, məktəblərin güclü və inkişafa ehtiyac olan tərəfləri müzakirə olunub, bu ehtiyacların qarşılanması, inkişaf perspektivləri barədə MİP komandasının təklifləri dinlənilib.
Bundan əlavə, məktəb heyətinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində MİP komandasına tövsiyələr verilib və müəllimlərin sualları cavablandırılıb.