CƏMİYYƏT
Məktəblərdə və seçki dairələrində yanğın təhlükəsizliyi qaydaları barədə məlumat verilib
Bakı, 31 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər Nizami rayon 38 və 39, Kəpəz rayon 40 saylı seçki dairələrində, Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki rayon 115 və Göynük kənd 114 saylı seçki dairələrində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıtdakı 1 saylı seçki məntəqəsində, Bakı şəhəri 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Sabunçu rayon 187 nömrəli tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Sosial-İqtisad Kollecində maarifləndirmə tədbirləri keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında çıxışlar edilib. Həmçinin həmin müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.
Eləcə də ərazinin daim təmiz vəziyyətdə saxlanmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi vurğulanıb.
İkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.
Tədbirlərdə yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.