Məktəblilər narkomaniya və zərərli vərdişlərin fəsadları barədə məlumatlandırılıb
Bakı, 31 may, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində narkomaniya və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan maarifləndirmə tədbirləri keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, “Zərərli vərdişlərə yox deyək!”, “Narkotiklərə yox!”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, ”Siqaret sağlamlığa ziyandır” və digər mövzularda maarifləndirici tədbirlər, “dəyirmi masa”, konfrans, seminar, mühazirə, müsabiqə və sərgilər təşkil olunur.
Tədbirlərin keçirilməsinin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır. Bunun üçün gənclərə zərərli vərdişdən uzaq olmaq və həmin sosial bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr verilir.
Tədbirlərdə narkomaniyanın cəmiyyətə, dövlətə və ümumilikdə bəşəriyyətə ziyanları və bu bəladan xilas olmağın yolları barədə ətraflı məlumat verilir. Həmçinin müvafiq məsələlərə dair fikir və təkliflər irəli sürülür, şagirdləri maraqlandıran suallar cavablandırılır, müzakirələr aparılır. Bundan əlavə, narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilir, sənədli filmlər və videoçarxlar nümayiş olunur.