Məktəblilər uşaq yazıçıları ilə görüşüblər
Bakı, 24 aprel, AZƏRTAC
UNESCO-nun təklifi əsasında aprelin 23-ü Beynəlxalq Kitab Günü kimi qeyd edilir.
Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Yasamal rayonundakı 53 nömrəli tam orta məktəbdə “İmzalı görüş” layihəsi çərçivəsində uşaq yazıçıları Aygün Bünyadzadə və Reyhan Yusifqızı ilə görüş keçirib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun sektor müdiri Xatirə Hüseynova və aparıcı məsləhətçi Ramilə Qurbanlı iştirak ediblər.
Məktəbin direktoru, Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi Firəngiz Həsənova mütaliənin gənc nəslin intellektual səviyyəsinin yüksəlməsində, dünyagörüşünün hərtərəfli inkişafında rolundan danışıb. Kitabın dəyərindən danışan F.Həsənova şagirdləri oxu vərdişlərindən əl çəkməməyə çağırıb.
Özünü “müasir uşaqların yazarı” kimi təqdim edən Reyhan Yusifqızı son vaxtlar çap olunan kitablarından söz açıb. Bildirib ki, elmi-fantastika janrında yazılmış birinci kitabı - 2009-cu ildə Ankarada beynəlxalq müsabiqədə mükafata layiq görülmüş “Yaşıl gözlü qız”, Azərbaycan uşaq ədəbiyyatında intellektual nəsrin parlaq nümunələrindən olan “Kompüterin qəribə tarixi” kitabları uşaqların xüsusi marağına səbəb olub.
Dünya Gənc Türk Yazarlar Birliyinin uşaq ədəbiyyatı bölməsinin rəhbəri, uşaqlar qarşısında xidmətlərinə görə Polşa Respublikasının Beynəlxalq Təbəssüm Ordeninə layiq görülən və “Təbəssüm Ordeni Kavaleri” fəxri adını qazanan Aygün Bünyadzadə məktəblilərə yazdığı nağıllardan danışıb.
Sonra məktəblilərin sualları cavablandırılıb, onlara Bilik Fondu tərəfindən kitablar hədiyyə olunub.