Məktəblilərə fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçilib
Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhərinin Nizami rayonundakı 3 nömrəli xüsusi təhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanmasından ibarət olub.
Təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən məktəbin kollektivinə yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə göstərilib, suallar cavablandırılıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və digər aidiyyəti qurumlarının müvafiq canlı qüvvə və texnikasının iştirakı ilə məktəbin arxa giriş qapısının qarşısında ətraf ərazidə yaşayan sakinlər tərəfindən qanunsuz olaraq quraşdırılmış talvar və digər maneələr sökülməklə baş verə biləcək fövqəladə hallar zamanı yanğından mühafizə bölmələrinin çevik və səmərəli fəaliyyətinə mane olan pozuntular aradan qaldırılıb.
Təlim zamanı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub.
Tədbirin yekununda məktəbin şagirdlərinə bayram hədiyyələri təqdim edilib.