Məktəbyaşlı uşaqlarla əlaqədar xüsusi hallar və həssas qruplarla iş barədə müzakirələr aparılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev son illər ölkəmizdə məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallarla bağlı məsələlərə və həssas qruplarla işə diqqətin artırıldığını və daha konkret yanaşma müşahidə olunduğunu söyləyib. Bildirib ki, 2019-cu ildə Təhsil Nazirliyi tərəfindən xüsusi hallarla bağlı “Qaynar xətt” (146-2) xidməti istifadəyə verilib.
İdarə müdiri valideynlərin, məktəb rəhbərlərinin, həmçinin geniş ictimaiyyətin diqqətinin bu məsələyə cəlb edilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən cari dərs ilindən “Mənimlə danış” sosial kampaniyasına start verildiyini və maarifləndirici videoçarxların ictimaiyyətə təqdim edildiyini bildirib.
BŞTİ-nin müdiri “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda təşkil olunmuş dəyirmi masanın əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, dəyirmi masa aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edir.
Məktəblərdə həssas qrupa daxiledilmə ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi üçün zəruri işlər görüldüyünü deyən R.Tağıyev həmin şagirdlərin hər biri üçün valideynlərin iştirakı ilə fərdi pedaqoji-psixoloji bərpa planının həyata keçirildiyini də qeyd edib. Eyni zamanda, məktəblərdə valideynlər üçün uşaqların yaş, psixoloji və fizioloji xüsusiyyətlərinə dair maarifləndirmə tədbirlərinin təşkil olunduğunu, valideynlərin məktəb həyatında yaxından iştirakının təmin edildiyini diqqətə çatdırıb.
Sonra “Mənimlə danış” sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarxlar və BŞTİ-nin xüsusi hallara dair təqdimatı nümayiş olunub.
Tədbirdə həssas qruplarla iş, xüsusi hallarla bağlı yanaşma və bu sahədə aparılan maarifləndirmə işlərinin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycanda uşaqların layiqli vətəndaş kimi yetişməsi, uşaq hüquqlarının etibarlı təminatı, uşaqlarla bağlı sosial problemlərin həlli baxımından dövlət səviyyəsində hərtərəfli işlər görülür.
Dəyirmi masada xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirilib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, paytaxtın rayon icra hakimiyyətlərinin, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin, Bakı Şəhər Baş Polis İdarəsinin, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin əməkdaşları, BŞTİ-nin struktur bölmə rəhbərləri iştirak ediblər.