Məleykə Abbaszadə: Ölkə üzrə bütün liseylərin məzunlarının orta balı 177-dir
Hərbi liseylərin nəticəsi ölkənin orta göstəricisindən də yüksəkdir
Bakı, 5 may, AZƏRTAC
Builki buraxılış imtahanlarının nəticələri ilk dəfə göstərir ki, orta bal keçənilki bal ilə təxminən eyni səviyyədədir. Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseylərin məzunlarının orta balı 177-dir. Bu, kifayət qədər yüksək göstəricidir. Ölkə üzrə bütün liseylərin məzunlarının orta balı 177-dir.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə söyləyib. O vurğulayıb ki, hərbi liseylərin nəticəsi ölkənin orta göstəricisindən də yüksəkdir.
DİM rəhbəri deyib ki, peşə məktəblərinin nəticələri aşağıdır. Bu da gözlənilən bir faktdır.
“Nəticələri təhlil edəndə hansısa bir hadisəni götürüb onun əsasında ümumi fikir söyləməyə ixtiyarımız yoxdur. Vəziyyəti təhlil edəndə biz müxtəlif növ məktəblərin nəticələrini təhlil edərək, gələcək addımlarımızı ona uyğun atmalıyıq. Bütün bu təhlillərin nəticəsi olaraq gələcəkdə məktəblərdə təlim-tədris prosesi elə qurulsun ki, ümumiyyətlə, ölkə üzrə nəticələr yüksək olsun”, - deyə Məleykə Abbaszadə qeyd edib.