“Memarlığın rəng palitrası” adlı sərgi keçirilib
Bakı, 10 yanvar, AZƏRTAC
Yanvarın 10-da 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində (UGİM) “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Memarlığın rəng palitrası” adlı sərgi təşkil olunub.
5 nömrəli UGİM-dən AZƏRTAC-a verilən məlumata görə, sərgini giriş sözü ilə açan mərkəzin direktoru Elza Orucova rəhbərlik etdiyi qurumun fəaliyyətindən və belə layihələrin gənclərin estetik tərbiyəsindəki rolundan bəhs edib.
Daha sonra çıxış edən metodist Afaq Əmirova “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətini vurğulayaraq, 5 nömrəli UGİM-in bu istiqamətdə həyata keçirdiyi təhsil proqramları və yaradıcılıq dərnəkləri haqqında ətraflı məlumat verib.
Tədbirdə dəvət olunmuş qonaqlar memarlıq və təsviri sənətin vəhdəti mövzusunda maraqlı fikirlər səsləndiriblər.
Rəsmi hissədən sonra təşkil olunan “Açıq mikrofon” bölməsində iştirakçılar, valideynlər və gənc istedadlar öz təəssüratlarını bölüşüb, mövzu ətrafında sualları cavablandırıblar.
Tədbirin sonunda qonaqlar sərgi ekspozisiyası ilə yaxından tanış olublar.
Sərgidə 5 nömrəli UGİM-in yetirmələrinin hazırladıqları Azərbaycanın tarixini və müasir memarlıq abidələrini əks etdirən rəngarəng əl işləri böyük maraqla qarşılanıb.