Memarlıq və dizayn istiqamətli ixtisaslar üzrə seminar olmuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən Memarlıq və dizayn istiqamətli ixtisaslar üzrə seminar olmuşdur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin Memarlıq və dizayn istiqamətli “memarlıq” və “dizayn” ixtisasları üzrə qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələri haqqında müzakirələr aparmaq məqsədi ilə keçirilən seminarda mütəxəssislər, bu ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etmişlər.
Müzakirələr zamanı bu ixtisaslar üzrə 2013/2014-cü tədris ilində qəbul edilmiş qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, metodiki tövsiyələr 2014/2015-ci tədris ili üçün də olduğu kimi saxlanılmış, “Memarlıq və dizayn” vəsaitində nəşr edilmək üçün rəsmxət fənnindən yeni tapşırıq nümunələri təqdim edilmişdir.
Əlavələr və düzəlişlər nəzərə alınmaqla ali təhsil müəssisələrinin Memarlıq və dizayn istiqamətli “memarlıq” və “dizayn” ixtisasları, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “dizayn” ixtisası üzrə qabiliyyət imtahanlarının proqramları qəbul edilmişdir.
Ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin “memarlıq” və “dizayn” ixtisasları üzrə qabiliyyət imtahanlarının qəbul olunmuş proqramları, qiymətləndirmə meyarları və metodiki tövsiyələr “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Memarlıq və dizayn” adlı tədris metodiki vəsaitdə nəşr ediləcəkdir.