Memarlıq və İnşaat Universitetində keçiriləcək onlayn müsabiqələrin şərtləri açıqlanıb
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində fəaliyyət göstərən İtaliya-Azərbaycan Dizayn Mərkəzi (İADM) Memarlıq fakültəsinin tələbələri ilə videokonfrans keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans zamanı tələbələrə mərkəzin elan etdiyi iki müsabiqə və onun şərtləri haqqında ətraflı məlumat verilib.
Mərkəzin direktoru Fərid Kərimov qeyd edib ki, müsabiqələrdən biri İADM üçün müasir, orijinal və yaddaqalan loqotipin yaradılması, digəri isə universitetin ərazisində quraşdırılması nəzərdə tutulan park mebelləri, kiçik memarlıq formaları, skamyalar, masa və oturacaqlar daxil olmaqla modul parkletlərin dizayn tərtibatına aiddir.
Fərid Kərimov suallara cavab verib, skamya müsabiqəsi üçün lazım olan ölçmə cizgilərini paylaşıb və hazır işlərin əsasında formalaşan fikir və düzəlişləri tələbələrin diqqətinə çatdırıb.
Konfrans zamanı, həmçinin Dizayn kafedrasının müdiri Təranə Bəkirova mərkəzin fəaliyyət istiqamətləri haqqında ümumi məlumatları diqqətə çatdırıb və loqotipin tərtibatında tələbələrin xüsusi diqqət yetirəcəkləri məqamları vurğulayıb. Konfransa qoşulan Dizayn kafedrasının baş müəllimi Pərviz Əliyev və Landşaft memarlığı kafedrasından baş müəllim Elmira Abdullayeva tələbələrə məsləhətlər veriblər. Ümumilikdə iki gün ərzində konfransa 100-ə yaxın tələbə və həmçinin müəllimlər qoşulub.
İADM-in təşkil etdiyi bu müsabiqələrdə məqsəd tələbələrdə dizayn və memarlıq bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, onların real layihələrdə iştirakını təşkil etmək, əraziləri abadlaşdırmaqla gənclərdə ekoloji mədəniyyəti formalaşdırmaqdan ibarətdir. Eyni zamanda, belə tədbirlərin keçirilməsi karantin dövründə tələbələrdə ruh yüksəkliyinin saxlanmasına, onların tədris-təlim prosesindən geri qalmamalarına və özünütəcrid şəraitində real layihələrdə iştirak edə bilmələrinə dəstək xarakteri daşıyır.
Qeyd edək ki, müsabiqələr yaz semestrinin sonuna qədər davam etdirilməklə tələbələrdən işlər qəbul olunacaq və tədris prosesi bərpa olunanda qaliblərin adları açıqlanacaq.