Məmməd Abdullayev: Birgə təlim-məşq toplanışı Avropa birinciliyində qızıl medal qazanmağımıza kömək edəcək
Bakı, 24 avqust, AZƏRTAC
Təlim-məşq toplanışında iştirak etməkdən məmnunuq və düşünürəm ki, iştirak edən digər komandalara da fayda gətirəcək. Ukrayna millisi ilə uzun müddətdir dostuq münasibətimiz var. Hər il taekvondo üzrə “Ukraina Open Cup” turnirinə qatılırıq. Peşəkar məşqçiləri var və bizi hər zaman isti qarşılayırlar. Ukrayna və Azərbaycan yığmalarında Avropa və dünya birinciliyində uğurla mübarizə aparan yaxşı idmançılar yer alır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanın Xarkov şəhərində təşkil edilən və komandamızın da dəvət olunduğu təlim-məşq toplanışında iştirak edən Azərbaycanın gənclərdən ibarət taekvondo üzrə yığma komandasının baş məşqçisi Məmməd Abdullayev deyib.
Baş məşqçi bildirib ki, idmançılar təcrübə qazanmaq üçün digər ölkədən olan rəqibləri ilə işləməlidirlər. Bu onlar üçün çox faydalıdır. Komandamızda Avropa çempionu və dünya mükafatçısı var. Ukrayna komandasında da idmançılarımızın yarışlarda qarşılaşdıqları çempionlar yer alır. Qarşıda bizi gənclər arasında Avropa birinciliyi gözləyir və düşünürəm ki, birgə təlim-məşq toplanışı qızıl medal qazanmağımıza kömək edəcək.
Xatırladaq ki, avqustun 20-də startı verilmiş hazırlıq prosesində Ukrayna və Azərbaycan milliləri ilə yanaşı, Latviya, Çexiya, Estoniya taekvondoçuları da iştirak edirlər. Məşqlərə avqustun 30-da yekun vurulacaq.