Məmur- vətəndaş münasibətləri yaxşılaşır
Bakı, 16 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin diqqət mərkəzində saxladığı məsələlərdən biri də vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinə obyektiv cavab verilməsidir. Həmin tədbirlərin davamı olaraq, 2017-ci ildə və bu ilin ötən dövründə nazirliyin rəhbərliyi və məsul işçiləri 13 min nəfərin fərdi qaydada qəbulunu həyata keçirib. Onlardan 1465 nəfəri nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əmək və əhalinin sosial müdafiəsi naziri 931 nəfəri fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib. Təkcə son iki ay yarım ərzində Salyan, Abşeron və Siyəzən rayonlarında və nazirlikdə keçirilən qəbullar zamanı 160 nəfər fərdi qaydada qəbul edilib.
Müraciətlərdə sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Müraciətlər barədə vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi, o cümlədən ünvanlı dövlət sosial yardımı, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta və pensiya, əmək münasibətləri və s. sahələrin elektron infrastruktur üzərində qurulması həmin sahələrdə məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə və dövlət xidmətlərinin şəffaflaşmasına şərait yaradıb. Nazirliyin fəaliyyət sahələri üzrə avtomatlaşdırlmış mexanizmlər üzərində müasir və şəffaf xidmətlər şəbəkəsinin formalaşdırılması nazirliyin qəbul otağına müraciət edənlərin sayının 3,5 dəfə azalmasına səbəb olub. Xüsusilə ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı sahələrində elektron sistemlərin tətbiqi müraciətlərin aşağı enməsinə şərait yaradıb. Həmin sahələrdə müraciətlər elektron qaydada qəbul olunur və vətəndaşlara onların qeyd etdikləri əlaqə vasitələrinə cavablar elektron formada göndərilir.