Menecerlər otel sistemində uğurlu karyera təcrübələrini tələbələrlə bölüşüblər
Bakı, 21 aprel, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “PMD Group”da staj və iş imkanları" mövzusunda seminar təşkil edilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, seminar dövlətimizin başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq keçirilib.
Tədbirdə ATMU-nun biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev, turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova, menecment kafedrasının müdiri İsrayıl İsgəndərov, tələbə elmi cəmiyyətinin sədri Aytən Cəfərova sənaye müəssisələri ilə universitetlər arasında əməkdaşlıqların qurulması və davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, əməkdaşlığa görə “PMD Group”a minnətdarlıqlarını bildiriblər.
Seminarda “PMD Group”un menecerləri Fəridə Əmirova və Günel Orduxanova, “Şamaxı Palace Şərədil”in satış üzrə meneceri İlkin Rüstəmov tələbələrə otellərdə karyera qurma imkanları və təcrübə proqramları haqqında məlumat veriblər. Uğur hekayəsi olaraq ATMU-nun ilk məzunu İlkin Rüstəmov otel sistemində uğurlu karyera təcrübəsini tələbələrlə bölüşüb.
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminarın sonunda tələbələrin sualları cavablandırılıb.