Mənzillərə zirzəmilərdən daxil olaraq çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb
Bakı, 30 yanvar, AZƏRTAC
Binəqədi rayonunda Süleyman Sani Axundov küçəsində yaşayan Mahir Cəbiyevin evindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, naməlum şəxs evə daxil olaraq dolabdan ümumi dəyəri 6 min manat olan qızıl-zinət əşyaları oğurlayıb.
Məlumat daxil olan kimi Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Müəyyən edilib ki, oğurluq hadisəsini törədən şəxs mənzilə binanın zirzəmisindən daxil olub. Belə ki, hadisə baş verən mənzil birinci mərtəbə yerləşdiyindən ev sahibi otaqların birinin döşəməsindən zirzəmiyə yol açaraq oradan saxlanc yeri kimi istifadə edib. Oğurluq edən şəxs də evə mənzilin zirzəmiyə açılan taxta qapısını qıraraq daxil olub. Həmçinin polis bölməsində baş verən oğurluq hadisəsi ətrafında araşdırma aparılan zaman paytaxt ərazisində son iki ay ərzində eyni üsulla, yəni zirzəmidən daxil olmaqla birinci mərtəbələrdə yerləşən daha altı mənzildən oğurluq edildiyi müəyyən olunub.
Oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Çingiz Dadaşov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təqdim edilib. Saxlanılan şəxs ifadəsində Binəqədi rayonunda iki, Nəsimi rayonunda isə beş mənzildən pul və qızıl-zinət əşyaları oğurladığını etiraf edib.
Çingiz Dadaşov saxlanılan zaman onun oğurluq yolu ilə əldə etdiyi qızıl-zinət əşyalarının bir qismi polislər tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində rayon ərazisində yerləşən gözəllik salonları və tibb müəssisələrindən silsilə oğurluqlar edən daha iki nəfər saxlanılıb. Əməliyyat zamanı paytaxt sakinləri Rəhman Dadaşzadə və Ayxan Həsənov tutularaq polis bölməsinə gətiriliblər. Araşdırma zamanı onların Binəqədi rayonundan başqa paytaxtın digər ərazilərində də çoxsaylı oğurluq etdikləri məlum olub. Qeyd edək ki, bu şəxslər yetkinlik yaşına çatmadıqlarından onların üzünü sizə təqdim edə bilmirik.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.