Mərakeşdə epidemioloji vəziyyət pisləşir
Rabat, 13 iyul, AZƏRTAC
Mərakeşdə epidemioloji vəziyyət günbəgün pisləşir.
AZƏRTAC xəbər verir ki, Mərakeşin hakimiyyət orqanlarının fikrincə, iqtisadiyyatın bərpa edilməsinə kömək etmək məqsədilə ölkə sərhədlərinin açılması vətəndaşlar tərəfindən sanki virus təhlükəsinin artıq sovuşması kimi başa düşülüb.
Xarici turistlərin və xaricdə yaşayan mərakeşlilərin ölkəyə gəlməsi ilə əlaqədar, aeroportlarda sağlamlığa nəzarət protokollarına rəğmən, Mərakeş koronavirusun “alfa”, “beta” və “delta” variantları kimi daha təhlükəli və yoluxucu mutasiyaları ilə üzləşib.
Mağazaların və restoranların açılması, toylara icazə verilməsi, çimərliklərə və hovuzlara gələnlərin çoxalması nəticəsində son iki həftədə xəstəxanaların intensiv terapiya bölmələrində xəstələrin artması müşahidə olunur. Həkimlər bildiriblər ki, yoluxanlar arasında qadınlar çoxluq təşkil edir. Xəstəxana çarpayılarının 7,9 faizi doludur, 300-dən çox insan böhranlı və ya ağır vəziyyətdədir. Hər 100 min sakinə düşən koronavirus xəstələrinin sayı 1490,6-ya, ölüm halları 1,7 faizə çatıb. İyulun 11-də axşama olan məlumata görə, pandemiya başlanandan bəri Mərakeşdə koronavirusa yoluxanların ümumi sayı 542 min nəfərdən çox olub.
Beləliklə, COVID-19-un yayılma sürəti artır. Hər gün orta hesabla 100 yeni yoluxma qeydə alınır. Hakimiyyət orqanlarının proqnozlarına görə, Qurban bayramı yaxınlaşdıqca yeni yoluxanların sayı daha da artacaq.
Mərakeşin hakimiyyət orqanları koronavirusun yeni ştamlarının ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə ölkələrin A və B siyahılarını yeniləşdirib. İndi İspaniya, Portuqaliya və Fransa da həmin siyahılara daxil edilib. Bu ölkələrin vətəndaşlarının Krallıq ərazisinə gəlmələri üçün daha ciddi qaydalar tətbiq edilir. A qrupuna daxil olan, yəni epidemioloji vəziyyətin yaxşılaşmasının qeydə alındığı ölkələrin siyahısında dəyişiklik olmayıb. B qrupuna daxil olan ölkələrdə koronavirusun yayılması davam edir və ya epidemioloji vəziyyətin bir qədər pisləşməsi müşahidə olunur.
Mərakeşdə 10.358.218 nəfər və ya əhalinin ümumi sayının 28,6 faizi ən azı bir dəfə, 9.221.657 nəfər və ya əhalinin ümumi sayının 24,98 faizi tam həcmdə vaksinasiya olunub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat