Mərkəzi Bankda şəhid övladları üçün maliyyə savadlılığı mövzusunda seminarlar keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
“For Azerbaijan” xeyriyyə təşkilatı və Dövlət Miqrasiya Xidmətinin birgə layihəsi olan “Qaliblər düşərgəsi”nin sakinləri - şəhid övladları üçün Azərbaycan Mərkəzi Bankında (AMB) maliyyə savadlılığı mövzusunda seminarlar təşkil edilib.
AMB-dən AZƏRTAC-a bildirilib ki, büdcə, qənaət, borc, israfçılıq, sığorta, rəqəmsal ödənişlər, milli pul nişanlarımız mövzusunda seminarlar keçirilib, habelə Mərkəzi Bankın maliyyə savadlılığına dair elektron resursları iştirakçılara təqdim edilib. Uşaqlar, həmçinin Mərkəzi Bankın Xəzinə departamentinin 1 nömrəli emal şöbəsində pul əsginaslarının çeşidlənməsi prosesi ilə tanış olublar.
Tədbirin məqsədi uşaqları düzgün şəxsi maliyyə qərarları verməyə hazırlamaq, rəqəmsal ödənişlərin, sığortalanmanın əhəmiyyəti haqqında mühüm ismarıclar vermək, israfçılığın ziyanlarını göstərərək uşaqları yığıma təşviq etmək, eyni zamanda, milli pul nişanlarımızın mühafizə elementləri haqqında məlumat vermək olub. İştirakçılar mövzu ətrafında fikirlərini söyləyib, onları maraqlandıran suallar cavablandırılıb.