Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
Bakı, 16 iyun, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin “Mirakıl” verilənlərin emalı şirkəti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və “Mirakıl” verilənlər emalı şirkətinin direktoru Rumeysa Çölden arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Direktor rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, xidmətləri və rəqəmsal imkanları barədə məlumat verib. O qeyd edib ki, müasir kitabxanalar oxucu məmnunluğunu təmin etmək, eləcə də informasiya məkanında mövqe tutmaq üçün innovativ texnoloji həllərdən geniş istifadə etməlidirlər.
Daha sonra Rumeysa Çölden rəhbərlik etdiyi şirkətin fəaliyyəti, tətbiq etdiyi informasiya texnologiyaları həlləri və həyata keçirdikləri beynəlxalq layihələr barədə fikirlərini söyləyib.
Şirkətin nümayəndəsi Mehmet Faruk Akgül KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi haqqında danışıb və bu sistemin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 mindən çox kitabxanada tətbiq olunduğunu, texniki və proqram təminatı üzrə dəstəyin “Mirakıl” şirkətinin həyata keçirdiyini vurğulayıb. Təqdimat zamanı KOHA sisteminin modulları, həmçinin korporativ kitabxana şəbəkələrinin qurulmasındakı rolu diqqətə çatdırılıb.
Görüş çərçivəsində KOHA sisteminin digər proqram təminatları ilə inteqrasiyası, sistemin onlayn qeydiyyat platformaları ilə inteqrasiyasının texniki aspektləri, xüsusilə İRBİS proqramı ilə biblioqrafik məlumat mübadiləsi imkanları, eləcə də tələb olunan texniki avadanlıqlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Sonda tərəflər müzakirələrin əhəmiyyətini vurğulayaraq, bu görüşün gələcək əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildiriblər.