Mərkəzi Elmi Kitabxanada Nigar Rəfibəylinin yaradıcılığına həsr edilən sərgi açılıb
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tərcüməçi, Xalq şairi Nigar Rəfibəylinin anadan olmasının 110 illiyi münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil edilib.
MEK-dən AZƏRTAC-a bildirilib ki, sərgidə şairənin Azərbaycan və xarici dillərdə nəşr edilmiş kitabları, tərcümə və tərtib etdiyi, redaktoru olduğu kitablar, sözlərinə yazılmış mahnıların yer aldığı nəşrlər, haqqında yazılan kitablar, dövri mətbuat materialları nümayiş etdirilir. Bunların sırasında “Dənizin səsi gəlir”, “Məhəbbətim bölünmədi”, “İşıqlı dünyam”, “Ana səsi”, “Seçilmiş əsərləri”, “Rübailər”, “Bir cüt xurma ağacı”, “Yol xatirələri”, “Dənizin səsi gəlir”, “Məstanın balaları”, “Bir həzin axşamda düşsəm yadına”, “Günəşdən gənclik istədim” və başqa dəyərli nəşrlər yer alır.
Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncədə anadan olub. Əmək fəaliyyətinə müəllimlik etməklə başlayıb. 1940-cı ildən ömrünün sonunadək yaradıcılıqla məşğul olub. Nəvai, Şiller, Puşkin, Lermontov, Çexov, Şevçenko, Voyniç və başqalarının əsərlərini tərcümə edib.
Nigar Rəfibəyli 1981-ci il iyulun 9-da Bakıda vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.