SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Aprelin 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Komissiyanın sədri iclasın gündəliyindəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl kütləvi informasiya vasitələrinin nümayəndələrinə aprelin 12-də Milli Məclisə əlavə seçkilərə hazırlığın vəziyyəti barədə məlumat vermişdir.
Əlavə seçkilərə hazırlıq Mərkəzi Seçki Komissiyasının Təqvim planına tam uyğun şəkildə başa çatdırılmışdır. Deputatlığa namizədlər onların radio, televiziya və qəzet səhifələrində seçki platformalarının təşviqatı üçün yaradılmış geniş imkanlardan yetərincə istifadə edə bilmişlər. Seçkilərdə Beynəlxalq müşahidəçilər haqqında məlumat verən Məzahir Pənahov 45-dən artıq müşahidəçinin Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçdiyini bildirmişdir. Həmin müşahidəçilər ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, Beynəlxalq Respublikaçılar İnstitutunun Norveç Qaçqınlar Şurasının və sair xarici ölkələrin nümayəndələridir.
24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan, 31 saylı Kəpəz seçki dairələri üzrə 17 nəfər deputatlığa namizəd seçki bülletenlərinə daxil edilmişdir. Onların arasında AXCP, YAP, Demokratik Azərbaycan Dünyası Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Ədalət Partiyası, Azərbaycan Kommunist Partiyası təmsilçiləri, habelə bitərəflər vardır.
Komissiyanın sədri kütləvi informasiya vasitələrinin nümayəndələrini əlavə seçkilərdə həm də fəal müşahidəçi kimi iştirak etməyə, qərəzli təhriflərə yol verməməyə çağırmışdır.
Sonra iclasın gündəliyində duran məsələlərin müzakirəsinə başlanmışdılr. Komissiya Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər üzrə 33 saylı Kəpəz seçki dairəsi dairə seçki komissiyasının üzvü Yalçın Sadıqlının öz ərizəsi əsasında komissiya üzvlüyündən azad edilməsini, Tahir Həsənovun həmin dairə seçki komissiyasının üzvü təyin olunmasını qərara almışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun Bakıdakı ofisinin direktoru Çarlz Laşam, respublikanın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti
11 aprel 2002-ci il