SİYASƏT
MƏRKƏZİ SEÇKİ KOMİSSİYASINDA
Aprelin 17-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Komissiya aprelin 12-də Azərbaycan Respublikası Milli Məclisinə 24 saylı Nərimanov birinci, 29 saylı Əli Bayramlı-Salyan və 31 saylı Kəpəz seçki dairələri üzrə keçirilmiş əlavə seçkilərdə 24 saylı Nərimanov birinci və 29 saylı Əli Bayramlı-Salyan seçki dairələrindən seçki günü və seçkilərdən sonra daxil olmuş şikayət ərizələrinin araşdırılmasının yekunlarını müzakirə etmişdir. Gündəliyə çıxarılmış bu məsələlər barəsində Mərkəzi Seçki Komissiyasının katibi Qabil Orucovun və Komissiyanın üzvü Mehdi Səlimzadənin məlumatı dinlənilmişdir.
Geniş müzakirələrdən sonra 24 saylı Nərimanov birinci seçki dairəsinin 3, 4, 25, 26 və 34 saylı; 29 saylı Əli Bayramlı-Salyan seçki dairəsinin 1 və 11 saylı seçki məntəqələrində səsvermənin nəticələrinə təsir edən qanun pozuntularına yol verilməsi faktı öz təsdiqini tapdığına görə Komissiya “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər haqqında” Qanunun 72.3.1 və 83.9-cu maddələrinin müddəalarını rəhbər tutaraq, həmin seçki məntəqələrində keçirilmiş seçkilərin nəticələrini etibarsız saymış və yoxlanılması hüquq-mühafizə orqanlarının səlahiyyətində olan məlumatları aidiyyatı üzrə araşdırılmaq üçün Respublika Prokurorluğuna göndərmişdir.
Komissiya hər üç dairə üzrə seçkilərin yekunlarının yoxlanması və təsdiq edilməsi üçün dairə seçki komissiyalarının protokolları, Mərkəzi Seçki Komissiyasının ünvanına seçkilərlə bağlı daxil olmuş məlumatları və digər sənədləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərməyi qərara almışdır.
Mərkəzi Seçki Komissiyasının
Mətbuat xidməti