MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ FƏALİYYƏTİ BEYNƏLXALQ QURUMLAR TƏRƏFİNDƏN YÜKSƏK QİYMƏTLƏNDİRİLİR
Son illər respublika Mərkəzi Seçki Komissiyasının demokratik dəyərlərin tətbiqinə əsaslanan fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Buna görə də komissiyanın əməkdaşları ATƏT-in, Avropa Şurasının, eləcə də dünyanın bir sıra ölkələrinin seçki məsələləri ilə bağlı mötəbər tədbirlərinə dəvət olunur və gündəliyə çıxarılan məsələlərin müzakirələrində fəal iştirak edirlər.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə mötəbər tədbirlərdən biri də Fransanın Strasburq şəhərində Avropa Şurasının elektron səsvermə üçün hüquqi, praktiki və texniki standartlar üzrə çoxtərəfli ekspertlər qrupunun aprelin 10-11-də keçirilmiş iclası olmuşdur. Müştərək layihələr proqramı çərçivəsində keçirilən iclasda Avropa Şurası Nazirlər Komitəsinin 2004-cü ildə qəbul edəcəyi “Elektron səsvermə üçün hüquqi, praktiki və texniki standartlar haqqında tövsiyələr” layihəsi müzakirə olunmuşdur. Tövsiyələr layihəsi işlənib hazırlanandan sonra qəbul olunmaq üçün Avropa Şurasının Nazirlər Komitəsinə təqdim ediləcəkdir.
Qrupun bu iclasında Azərbaycanı Mərkəzi Seçki Komissiyası katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov təmsil etmişdir. O, Azərbaycanda son illər müasir seçki texnologiyalarının tətbiqi sahəsində əldə olunmuş uğurlar barədə geniş məlumat vermişdir. İclasın iştirakçıları ölkəmizdə elektron səsvermənin inkişafını səciyyələndirən amillərdən biri olan avtomatlaşdırılmış informasiya mərkəzinin və onun geniş şəbəkəsinin yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirmişlər. Rövzət Qasımov Avropa Şurası Nazirlər Komitəsi yanında elektron səsvermə üzrə hüquqi, praktiki və texniki standartlara dair yardımçı komitənin sədr müavini seçilmişdir.