Meşələrdə yanğın təhlükəsizliyinə dair seminar-müşavirə və maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 10 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzində “Meşələrdə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda seminar-müşavirə və maarifləndirmə tədbiri keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin rəhbər və işçi heyətinin iştirak etdiyi tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirlərindən danışılıb və kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən su götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, odsöndürən balonlardan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.