Məşhur fransalı memar Azərbaycan Memarlıq və İnşaat Universitetində mühazirə oxumuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Ecazkar və qeyri-adi əl işləri ilə dünyanın aparıcı memarlıq xəzinələrinin yerləşdiyi ölkələrdə məşhur olan fransalı memar Odile Dek Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) olmuşdur.
AMİU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Fransa İnstitutu və Yarat Müasir İncəsənət Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə Odile Dek tələbələrə “Üfüqlər” mövzusunda mühazirə oxumuşdur. O, Fransa, Çin, İngiltərə və digər Avropa ölkələrində ərsəyə gətirdiyi memarlıq işlərindən danışmış və onları yalnız nəzəriyyə ilə kifayətlənməməyə çağırmışdır. Öz yaradıcılığından danışan fransalı memar qeyd etmişdir ki, super interyer binanın əsas göstəricisi olduğu kimi, keyfiyyətli inşaat materialları da onun uzunömürlülüyünün göstəricisidir. Təməli düzgün qoyulan bina və əsrarəngiz dizayn artıq brend deməkdir. Memar yaradıcılığında xüsusi dəyər verilən əsrarəngizliyin əsas sirrinin, dünyanın yaranışdan bəri əvəzolunmaz rəngləri olan ağ və qaranı seçdiyini qeyd etmişdir.
Məşhur urbanist və memar Odile Dek 1985-ci ildə Benoit Cornette ilə əməkdaşlıq yaradaraq ODBC memarlıq firmasının əsasını qoymuşdur.
Geniş və maraqlı təqdimatından sonra xanım Odile Dek tələbə və müəllimlərin çoxsaylı suallarını cavablandırmışdır.