Metodik kabinet əməkdaşları üçün növbəti vebinar təşkil edilib
Bakı, 14 avqust, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) metodik kabinet əməkdaşları üçün növbəti vebinar təşkil edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, daha öncə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması məqsədilə 429 nəfər metodik kabinet əməkdaşı arasında sorğu keçirilib. Sorğuya əsasən, “Səriştəli metodist” mövzusunda vebinar keçirilib. 200-dən artıq metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Əlaqələndirmə şöbəsinin baş mütəxəssisi Aygün İsgəndərova çıxış edib.
A.İsgəndərova vebinara “Səriştəli metodist hansı biliklərə sahib olmalıdır?” sorğusu ilə başlayıb. Vebinar iştirakçılarının fikirləri dinlənildikdən sonra spiker səriştəli metodist üçün tələb olunan vacib biliklər haqqında danışıb. O qeyd edib ki, ixtisas savadlılığı, hüquqi savadlılıq, İKT bilik və bacarıqları metodistin peşəkar fəaliyyətinin təmin olunması üçün mühüm amillərdir. Bundan əlavə, ünsiyyət, tənqidi düşüncə, komanda ilə işləmək və liderlik bacarıqları səriştəli metodistin əsas bacarıqlarından olmalıdır. Spiker çıxışında səriştəli metodistin peşəkarlığı ilə yanaşı, mentalitet, dözümlülük, səmimiyyət, multikulturalizm, humanizm, dürüstlük və düzgünlük kimi milli və mənəvi dəyərlərə də sahib olmasının mühümlüyünü vurğulayıb. Qeyd olunub ki, işinin peşəkarı olan və daim üzərində çalışan metodist öz fəaliyyəti ilə şagird nailiyyətlərini və cəmiyyət arasında metodistin nüfuzunu artırır.
Vebinarda bir sıra şəhər və rayonlar üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.