Metropoliten işçiləri 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla anmışlar
Bakı, 19 yanvar (AZƏRTAC). Bakı Metropolitenində Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Metropolitendən AZƏRTAC-a bildirilmişdir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi açan Bakı Metropoliteninin rəisi Tağı Əhmədov 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən danışmışdır. Bildirmişdir ki, həmin gecə məsum insanlara açılan atəş tarixin axarını tam dəyişmiş, milli intibahın, azadlıq hərəkatının qədərini müəyyən edən hadisə olmuşdur.
Sonra 20 Yanvar faciəsindən bəhs edən videofilm göstərilmişdir.
Çıxışlarda 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətləri yüksək qiymətləndirilmişdir. Bildirilmişdir ki, faciədən bir gün sonra özünün və ailəsinin həyatı üçün təhlükələrə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, doğma xalqının dərdinə şərik çıxmış, hadisəyə siyasi-hüquqi qiymət verilməsini tələb etmişdir.
Diqqətə çatdırılmışdır ki, həmin Qanlı Yanvar gecəsində metropoliten işçiləri həyatlarını riskə ataraq, sübhədək yaralıları, öldürülənləri qorxu bilmədən, fədakarlıqla xəstəxanalara daşımışlar.
Vurğulanmışdır ki, Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.