MEVLUD ÇAVUŞOĞLU: “MƏN PREZİDENT İLHAM ƏLİYEVİN KEÇƏN SEÇKİDƏKİNDƏN DAHA PARLAQ UĞUR QAZANACAĞINA İNANIRAM”
Avropa Şurası Parlament Assambleyası Miqrasiya, qaçqınlar və əhali komissiyasının sədri, Türkiyənin millət vəkili Mevlud Çavuşoğlu AZƏRTAC-ın xüsusi müxbirinə məxsusi müsahibəsində demokratik bir ölkə olan Azərbaycanda prezident seçkilərində son sözün xalqın deyəcəyini vurğulayaraq, böyük nüfuza malik olan siyasətçi kimi İlham Əliyevin keçən seçkilərdəkindən daha parlaq uğur qazanacağına inandığını söyləmişdir.
O, demişdir:
- Hörmətli Prezidentimiz hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda Strasburqda Azərbaycanın haqlarını ən mükəmməl şəkildə müdafiə edir, təcrübəli və etibarlı bir siyasi xadim kimi ölkənizin görmək istədiyi işləri, Avropa standartlarına və meyarlarına necə nail olunacağını ifadə edirdi. İlham Əliyev təkcə Azərbaycanla deyil, Türkiyə, habelə Cənubi Qafqaz və Balkanlarda bizim yardımımıza ehtiyacı olan ölkələrlə bağlı məsələlərdə də vahid bir nümayəndə heyətinin rəhbəri kimi çıxış edir, bu ölkələrin də hüquqlarını fəal şəkildə müdafiə edirdi. O, Avropa Şurasında çox böyük hörmət qazanmış bir siyasətçidir.
İlham Əliyev təcrübəli bir siyasətçi kimi öncə Azərbaycanın Baş naziri, sonradan isə Prezidenti vəzifələrində böyük uğur qazandı. Biz Azərbaycana tez-tez səfər edir, hər dəfə qardaş ölkənin bütün sahələrdə inkişafının şahidi oluruq. İqtisadiyyatın yüksəlişi, yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkənizi daha da güclü və qüdrətli edir. Bu tərəqqi təkcə Bakıda deyil, regionlarda da görünməkdədir. Prezident İlham Əliyevin tez-tez bölgələrə səfər etməsi, xalqla birlikdə olması bir siyasətçi kimi onun nüfuzunu daha da artırır. Hörmətli Prezident görkəmli bir siyasətçi olmaqla yanaşı, xeyirxah qəlbi, yüksək insani keyfiyyətləri ilə də hər kəs tərəfindən sevilən bir şəxsiyyətdir. Son illərdə tez-tez imzaladığı əvf fərmanları da onun humanizm prinsiplərinə sadiqliyinin təzahürüdür.
Azərbaycanın inkişafı, sadəcə, iqtisadi tərəqqi ilə səciyyələnmir. Məhkəmə-hüquq islahatları, qanunvericiliyin təkmilləşdirilməsi, demokratiyanın inkişafı, qeyri-hökumət təşkilatlarının gücləndirilməsi, insan hüquqlarının müdafiəsi, korrupsiya ilə mübarizə yolunda da böyük bir məsafə qət olunmuşdur. Əvvəllər Azərbaycanı bir sıra məsələlərdə tənqid edən Avropa deputatları da artıq bu inkişafı təqdir etməkdədirlər. Bu yaxınlarda Bakıda keçirilmiş beynəlxalq konfransda iştirak edən siyasətçilər də demokratik Azərbayanın uğurlarını xüsusi olaraq vurğuladılar.
Azərbaycanın müstəqilliyini əldə etməsindən 17 il ötür. Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin sayəsində güclü bir dövlət meydana çıxdı. İlham Əliyev atasının vəsiyyətləri ilə qəbul etdiyi bu əmanəti səylə qorudu və möhkəmləndirdi. Hörmətli Prezidentimiz qüdrətli ölkənin, bölgənin lideri olan bir dövlətin başçısı kimi Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistanın işğalına son qoyulması istiqamətində daha güclü görünür. Yuxarıda qeyd etdiyim kimi, yüksək humanizm nümayiş etdirən İlham Əliyevin qaçqınlara və məcburi köçkünlərə yüksək qayğısı da ona olan ehtiramı artırır.
Sevindirici haldır ki, Prezident İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla olan dostluq və qardaşlıq münasibətləri ölkələrimizin tərəqqisi naminə konkret addımların atılması ilə müşayiət olunur. Mən İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsində müstəsna xidmətlərini alqışlayıram. Azərbaycan Prezidentinin türk dünyasının birliyi naminə yorulmaz fəaliyyəti də xüsusi vurğulanmalıdır. Digər nümunə - yalnız İlham Əliyev kimi güclü və təcrübəli siyasətçi erməni lobbisinin çox güclü olduğu ABŞ-ın Los-Anceles şəhərində konsulluq açılması kimi müdrik bir qərar qəbul edə bilərdi.
Biz cənab İlham Əliyevin liderliyi ilə qardaş Azərbaycanın gələcəyinin daha parlaq olacağına inanırıq.