MİLLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN MÖHKƏMLƏNMƏSİ NAMİNƏ
Bu ilin avqust ayında Rusiya Fedarasiyasının hökuməti Prezident Vladimir Putinin təşəbbüsü ilə işlənib hazırlanmış “Rusiya cəmiyyətində tolerant düşüncə tərzinin formalaşdırılması və ekstremizmin profilaktikası” adlı məqsədli federal proqram qəbul etmişdir.
Rusiya hökumətinin bu proqramı qəbul etməsi, ümumən, cəmiyyətdə davam edən sosial gərginlik və dövlət üçün birbaşa təhlükə yaradan separatizmin və ekstremizmin artması ilə bağlıdır.
Proqramın uzunmüddətli məqsədi demokratik cəmiyyətdə vətəndaş həmrəyliyinin əsası kimi ayrı-ayrı şəxslərin və sosial qrupların müxtəlif hallarda cəmiyyətdə davranışının sabitliyini müəyyənləşdirən tolerantlığın (dözümlülüyün) sosial normalarının formalaşdırılması və tətbiqindən ibarətdir.
Tolerant davranış, dini dözümlülük, sülhpərvərlik müddəalarının formalaşdırılması, ekstremizmin müxtəlif növlərinin profilaktikası həm çoxmillətli Rusiya üçün, həm də etnik qrupları RF-nın milli məkanında yaşayan ölkələrlə Rusiyanın əlaqələri üçün xüsusilə aktualdır.
Bu cür proqramlar bir çox demokratik ölkələrdə, adətən, dövlət başçılarının himayəsi altında, habelə bir sıra humanitar təşkilatlar, ilk növbədə BMT və YUNESKO tərəfindən həyata keçirilir. Problemin coğrafi-siyasi xarakteri və qarşıya qoyulan vəzifələrin həlli üçün dünya birliyində xeyli təcrübənin olması nəzərə alınmaqla, proqramda MDB ölkələri ilə və diğər xarici ölkələrlə əməkdaşlığın zəruriliyinə xüsusi diqqət yetirilir.
Fərhad Nuriyev
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva