Milli Azərbaycan Tarixi Muzeyində tədbir: Könüllülük, el köməyi - əsrlərdən gələn dəyərimiz
Bakı, 3 fevral, AZƏRTAC
Fevralın 3-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində “Könüllülük, el köməyi - əsrlərdən gələn dəyərimiz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova tədbirin xalqımızın ən dəyərli adətlərindən olan el köməyinin müasir dövrdə könüllülük prinsiplərinə əsasən davam etdirilməsinə həsr olunduğunu bildirib. Könüllülük prinsipləri haqqında ətraflı məlumat verən S.Nəsirova gələcəkdə görülməsi nəzərdə tutulan işlər və tədbirlər zamanı könüllülük modeli və prinsiplərinin tətbiqi məsələlərindən danışıb.
Tədbirdə Etnoqrafiya elmi-fond şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Tural Şiriyevin “Könüllülük - tarixi dəyərimiz”, “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarovanın “Könüllülük fəaliyyəti: Azərbaycan modeli” və muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin elmi işçisi Sahibə Ələkbərovanın “Milli Azərbaycan Tarixi Muzeyində könüllülərdən ibarət “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun fəaliyyətinə qısa ekskursiya” mövzularında məruzələri dinlənilib.
Tədbir çərçivəsində mövzu ilə bağlı Azərbaycan bədii filmlərindən fraqmentlər əsasında hazırlanmış videoçarx nümayiş olunub və “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun yeni üzvlərinə vəsiqələr təqdim edilib.