Milli Azərbaycan Tarixi Muzeyində yeni avadanlığın təqdimatı keçirilmişdir
Bakı, 19 iyun (AZƏRTAC, Tərgül Ağayeva). İyunun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin inkişaf Fondunun qrantı ilə “Milli Azərbaycan Tarixi Muzeyinin bərpa laboratoriyasının müasir cihaz və qurğularla təchiz olunması” layihəsi çərçivəsində alınmış avadanlığın təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov çıxış edərək təqdimatı keçirilən avadanlıq və qurğuların muzeylərin inkişafına verəcəyi töhfələrdən danışmış və onlar haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, ən müasir tələblərə cavab verən yeni avadanlıq və qurğular müxtəlif xarakterli tarixi eksponatların bərpası üçün nəzərdə tutulmuşdur. Layihə çərçivəsində alınmış avadanlıqlar sırasında İngiltərənin “Willard Conservation Ltd” şirkətinin istehsalı olan sorma masası, İtaliyanın “G.B.F.LLİ Bertoncello” şirkətinin buraxdığı Proxima mikroqaynaq cihaz dəsti, İtaliyanın “C.T.S” şirkətinin təchiz etdiyi sərt cisimlərin korroziya və oksidləşməsinə qarşı ultrasəs təmizləyici vannası, həmin şirkətin istehsalı olan arxeoloji tapıntıların ərplərini təmizləyən pyezoelektrik ultrasəs təmizləyici və cilalayıcı cihaz, İtaliyanın “AnMo Electronics” şirkətinin istehsal etdiyi eksponatların üzərindəki ziyanlı proseslərin videoqeydiyyat cihazı, Avropa şirkətlərində hazırlanmış qəliz kimyəvi proseslər zamanı havasızlıq fəzasını yaratmaq üçün vakuum nasosu kimi cihaz və qurğular vardır.
Qeyd edilmişdir ki, bu avadanlıq və qurğular istər şəxsi kolleksiyalarda olmuş, istərsə də arxeoloji tədqiqatlar zamanı aşkarlanmış istənilən növ tarixi materialların təmizlənməsinə və sonradan bərpasına geniş imkanlar yaradacaqdır.