MİLLİ DİRÇƏLİŞ GÜNÜ YARDIMLIDA YENİ MƏKTƏBVƏ POÇT BİNALARI İSTİFADƏYƏ VERİLMİŞDİR
“Kaspian Qolden” MMC-nin inşaatçılarının 4 aya tikdikləri yeni təhsil ocağında şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Burada istilik sistemi quraşdırılmış, məktəb lazımi ədəbiyyat və dərs vəsaiti, 5 ədəd kompyuter dəsti və müasir avadanlıqla təchiz edilmişdir.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov çıxış edərək, Milli Dirçəliş günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası istiqamətində rayonda aparılan quruculuq işlərindən, o cümlədən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, son 2 il ərzində rayonda 33 məktəb tikilmiş, 7 məktəb isə əsaslı təmir edilmişdir. İstifadəyə verilmiş məktəblərin 9-u Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.
Toplantıda çıxış edən müəllimlər, ağsaqqallar və ictimaiyyətin nümayəndələri məktəbin tikintisinə verilən dəstəyə, ucqar dağ rayonunun tərəqqisinə və inkişafına göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısına, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar yeni məktəbdə yaradılan şəraitlə yaxından tanış olmuşlar.
X X X
Elə həmin gün Yardımlının Şəfəqli və Vərgədüz kəndlərində yeni poçt binalarının da açılışı olmuşdur.
Mərasimlərdə rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov, poçt şöbələrinin işçiləri, ağsaqqallar və ictimaiyyətin nümayəndələri çıxış edərək, yeni sosial obyektləri kənd əhalisinə bayram günündə ərməğan etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.