Milli kardiologiyada yüksək inkişaf sürəti müşahidə olunur
Bakı, 8 dekabr, Əziz Məmmədov, AZƏRTAC
Son illər Azərbaycanda iqtisadiyyat sahəsində qazanılan uğurlarla bərabər, səhiyyənin bütün sahələrində, o cümlədən kardiologiya sahəsində fəal inkişaf müşahidə olunur. Bakıda və Azərbaycanın bölgələrində yeni kardiologiya mərkəzləri açılır, ürək-damar xəstəliklərinin diaqnostikasının və müalicəsinin yeni metodları tətbiq olunur. Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən strategiyasının nəticəsidir.
Bu fikri Azərbaycan Kardioloqlar Cəmiyyətinin III Milli Konqresində iştirak edən Azərbaycan Kardioloqlar Cəmiyyəti sədrinin müavini, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, tibb elmləri doktoru İsax Mustafayev AZƏRTAC-a eksklüziv müsahibəsində səsləndirib.
Konqresin keçirilməsi məqsədlərindən söz açan İ.Mustafayev bildirib ki, həmin tədbir xarici mütəxəssislərlə təcrübə mübadiləsi və tibb elminin bu sahədə son nailiyyətlərinin müzakirəsi nöqteyi-nəzərindən də səmərəlidir. İ.Mustafayev deyib: “Konqresdə dünyanın 15 ölkəsindən kardiologiya və ürək-damar xəstəlikləri sahəsində aparıcı mütəxəssislər iştirak edir. Hesab edirəm ki, bu tədbir Azərbaycanda kardiologiyanın daha geniş inkişafına, onun dünya elm birliyinə inteqrasiyasına yol açacaq. Hazırda ürək-damar xəstəlikləri dünya üzrə ölüm hallarının ən çox yayılmış səbəblərindən biridir. Elmi-texniki tərəqqinin sürətli inkişafına, tibb texnikasının təkmilləşdirilməsinə, ixtisaslı tibb işçilərinin sayının artmasına, habelə yeni səmərəli dərman vasitələrinin yaradılmasına baxmayaraq, hər il bütövlükdə dünyada 17 milyondan çox insan bu xəstəliklərdən dünyasını dəyişir. Onu da qeyd edim ki, ölkədə tibbin bütün sahələri kimi, kardiologiya sahəsində də yüksək inkişaf sürəti müşahidə olunur. Son illər kardiocərrahlarımız bir neçə unikal cərrahiyyə əməliyyatı aparıblar”.