Milli Kitabxanada Azərbaycan–Özbəkistan elmi-mədəni əməkdaşlığı müzakirə edilib
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 3-də Özbəkistan Milli Universitetinin professoru Hamidulla Boltaboyev və Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunun prorektoru, professor İnomjon Azimov Azərbaycan Milli Kitabxanasının qonağı olublar.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, qonaqlara Milli Kitabxananın fəaliyyəti, zəngin kitab fondu, rəqəmsal resursları və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib. Daha sonra tərəflər Azərbaycan ilə Özbəkistan arasında elmi-mədəni əlaqələrin inkişafı, ortaq türkoloji irsin tədqiqi, ədəbiyyatşünaslıq sahəsində aparılan araşdırmalar, eləcə də kitabxanalararası əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Professor Hamidulla Boltaboyev və professor İnomjon Azimov Milli Kitabxananın zəngin fondu və burada yaradılmış müasir informasiya mühiti ilə tanışlıqdan məmnun qaldıqlarını bildirərək, iki ölkənin kitabxanaları arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Görüşün sonunda professor Hamidulla Boltaboyev müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov isə qonaqlara müəllifi olduğu “Birinci Türkoloji Qurultay. Biblioqrafiya” kitabını təqdim edib.