MƏDƏNİYYƏT
Milli Kitabxanaya xarici ölkə kitabxanalarına məxsus bir sıra kitablar hədiyyə edilib
Bakı, 30 sentyabr, AZƏRTAC
V Bakı Beynəlxalq Kitab - Sərgi Yarmarkası çərçivəsində sentyabrın 30-da M.F.Axunzadə adına Azərbaycan Milli Kitabxanasına bir sıra xarici ölkə kitabxanalarına məxsus nəşrlər hədiyyə edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Türkiyə, Böyük Britaniya, Misir, Rusiya, Malayziya, Bosniya, Moldova, Belorus və Özbəkistan Milli kitabxanalarının, habelə ABŞ-ın Los-Anceles Universiteti kitabxanasının direktorları və əməkdaşları iştirak ediblər.
Milli Kitabxananın direktoru Kərim Tahirov V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına qatılan həmkarlarına bir daha təşəkkürünü bildirib. O, beynəlxalq kitab sərgi yarmarkası çərçivəsində keçirilən beynəlxalq elmi konfransın uğurlu keçdiyini bildirib, bütün çıxışçılara minnətdarlıq edib, belə tədbirlərin əhəmiyyətindən danışıb, tədbirlərdə həmkarlar arasında təcrübə mübadiləsi ilə yanaşı, sərgi-yarmarkanın sonunda milli kitabxanalar tərəfindən sərgidə nümayiş olunan kitabların Azərbaycan Milli Kitabxanasına hədiyyə olunmasının üstünlüklərini, tədqiqatçılar üçün böyük töhfə olduğunu qeyd edib.
Bütün iştirakçılar tədbirə dəvət aldıqlarına görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər.
Sonra Moskva şəhərindən olan Beynəlxalq Kitabsevərlər İttifaqının təmsilçisi Lyudmila Şustrova öz şəxsi təşəbbüsü ilə sərgi-yarmarkada nümayiş etdirdiyi, Azərbaycan Milli Kitabxanasının fondunda olmayan 20 nüsxədən artıq kitabı Azərbaycan Milli Kitabxanasına təqdim edib.