MİLLİ MƏCLİS SƏDRİNİN BAŞÇILIĞI İLƏ PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN RUSİYA FEDERASİYASINA SƏFƏRİ
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, aprelin 27-də Oqtay Əsədov Rusiya Dövlət Dumasının təsis olunmasının 100 illiyi münasibətilə Tavriya sarayında xatirə lövhəsinin və sərginin açılışında iştirak etmişdir.
Milli Məclisin sədri həmin gün Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Lindenlə görüşmüşdür. Söhbət zamanı Azərbaycanla, o cümlədən Milli Məclislə AŞPA arasındakı əlaqələrin indiki mərhələsindən, bu əlaqələrin daha da genişlənməsi və dərinləşməsi istiqamətində görülən işlərdən danışılmışdır. Görüşdə mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilər və bu seçkilərdə çoxsaylı beynəlxalq müşahidəçilərin iştirakı məsələləri də müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barəsində fikir mübadiləsi aparılmışdır.
Həmin gün Tavriya sarayında Dövlət Dumasının təntənəli iclası keçirilmişdir. Dövlət Dumasının sədri Boris Qrızlov çıxış edərək, Rusiyada parlamentin tarixindən, parlamentarizmin inkişaf mərhələlərindən və Dövlət Dumasının bugünkü əlaqələrindən danışmışdır. İclasda Dövlət Dumasının təsis olunmasının 100 illiyi münasibətilə dünya ölkələrinin parlamentlərinə müraciətin mətni oxunmuşdur.
Yubiley iclasında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov xatırlatmışdır ki, birinci Dövlət Dumasına Azərbaycanın Bakı, Gəncə və İrəvan quberniyalarından altı deputat seçilmişdi. Dumada Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı. Həmin fraksiyanın proqramı isə ikinci Dövlət Dumasında qəbul olunmuş, 1907-ci ildə Peterburqda kitabça halında çap edilmişdi. Milli Məclisin sədri parlamentarizmin inkişafından və müasir mərhələdə onun mühüm rolundan da bəhs edərək, beynəlxalq əməkdaşlığın inkişafında milli parlamentlərin artmaqda olan rolunu xüsusi vurğulamışdır. O, parlamentlərarası əlaqələrə toxunaraq, bu sahədə fəaliyyət göstərən beynəlxalq qurumların əhəmiyyətini qeyd etmişdir. Oqtay Əsədov insan hüquqları və azadlıqlarının təmin olunmasında, hüquqi, demokratik dövlət quruculuğunda, müasir dünyanın bir sıra problemlərinin və digər qlobal məsələlərin həllində parlamentlərin rolundan da danışmış, Dövlət Dumasının yubileyi münasibətilə rus xalqını Milli Məclisin adından təbrik etmişdir.