Milli Məclisdə Azərbaycan-ABŞ əlaqələri müzakirə olunmuşdur
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 16-da Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov ABŞ-ın Arizona ştatının Senatının və Nümayəndələr Palatasının üzvləri ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə V.Ələsgərov qonaqlara Azərbaycan haqqında ətraflı məlumat vermiş, ölkəmizin qısa müddətdə inkişaf edərək regionda aparıcı dövlətə çevrildiyini bildirmişdir. V.Ələsgərov demişdir ki, bu gün Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda böyük layihələr həyata keçirilir.
Azərbaycanın terrorizmə qarşı mübarizədə hər zaman fəallıq göstərdiyini deyən Milli Məclis sədrinin müavini sülhməramlılarımızın Əfqanıstanda və İraqda həyata keçirilən əməliyyatlarda iştirak etdiklərini vurğulamışdır.
Azərbaycan-ABŞ münasibətlərindən danışan V.Ələsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Azərbaycanda neft sektorunda və digər sahələrdə çoxlu Amerika şirkətləri və iş adamları fəaliyyət göstərirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Milli Məclisin sədr müavini bildirmişdir ki, bu problemin həll olunmaması bütünlükdə regionun inkişafı üçün ciddi maneələr yaradır.
Nümayəndə heyətinin üzvü, Senatda respublikaçı çoxluğun rəhbəri Con Makkomiş Azərbaycanın terrorizmlə mübarizədə hər zaman fəallıq göstərməsinin yüksək qiymətləndirildiyini söyləmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.