MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Ziyafət Əsgərov mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilərə hazırlıq barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, insanların siyasi və seçki hüquqlarının qorunması Konstitusiyada təsbit olunmuşdur. Azərbaycan dövləti, hökuməti və parlamenti, 2005-ci ilin noyabr ayındakı seçkilərdə olduğu kimi, təkrar seçkilərə də böyük önəm verir və bu siyasi aksiya tam azad, demokratik və şəffaf keçiriləcək, insanların seçki hüququ təmin olunacaqdır.
Sonra Milli Məclis sədrinin birinci müavini seçkilərin yüksək səviyyədə, Avropa standartlarına uyğun keçirilməsi istiqamətində atılmış mütərəqqi addımlar, qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlətimizin başçısının seçkilərlə bağlı sərəncamları barədə ətraflı məlumat vermişdir.
Avropa Şurası Xüsusi Komitəsinin seçkiqabağı müşahidə missiyasının rəhbəri Leo Platvoyet ətraflı məlumat üçün təşəkkür etmiş, Azərbaycana budəfəki səfərinin məqsədindən danışmışdır. Bildirmişdir ki, məqsəd mayın 13-də Milli Məclisə keçiriləcək təkrar seçkilərə hazırlığın səviyyəsini və Avropa Şurasının seçkilərlə bağlı tövsiyələrinin icra vəziyyətini öyrənməkdir. Bunun üçün bir sıra görüşlər keçirilmiş və müəyyən məlumatlar toplanmışdır.
Sonra görüşdə Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyası, ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.