MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
Türkiyə, Albaniya, Yunanıstan, Gürcüstan, Rusiya, Rumıniya, Ukrayna və qurumda müşahidəçi qismində iştirak edən İsrail Knessetinin nümayəndə heyətləri ilə görüşlərdə təşkilatın inkişaf perspektivləri və digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.
Görüşlərdə Oqtay Əsədov Azərbaycanın QİƏ PM-ə üzv ölkələrin parlamentləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, Milli Məclisdə quruma üzv ölkələrin qanunvericilik orqanlarının əksəriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyini bildirmiş, deputatlarımızın qarşılıqlı səfərlərinin qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir.
Görüşlərdə belə bir fikir vurğulanmışdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlığı təşkilatı bütöv bir regionun iqtisadi simasını dəyişə biləcək qlobal layihələrin - neft və qaz ixrac kəmərlərinin, nəqliyyat dəhlizlərinin reallaşmasına və təhlükəsizliyinə, alternativ enerji layihələrinin həyata keçirilməsinə, mədəni, iqtisadi, humanitar, elm və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi işinə gələcəkdə də öz töhfəsini verə bilər və bu sahədə potensial imkanlar vardır.
Nümayəndə heyətlərinin rəhbərləri qurumun sessiyasının yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə dərin təşəkkürlərini bildirmişlər. Qonaqlar belə bir fikri vurğulamışlar ki, dinamik inkişaf edən Azərbaycan bu cür beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübə qazanmışdır. Ümidvarıq ki, biz gələcəkdə də Azərbaycanda belə mötəbər tədbirlərin keçirilməsinin şahidi olacağıq.
Nümayəndə heyətləri ilə söhbətlərdə milli qanunvericiliyin təkmilləşdirilməsi, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılmışdır.