MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR
AZƏRTAC xəbər verir ki, Çexiya parlamenti Deputatlar Palatasının elm, təhsil, mədəniyyət, gənclər və idman komitəsinin üzvü Peter Plevanın başçılığı ilə nümayəndə heyəti mayın 26-da Milli Məclisdə olmuş, elm və təhsil məsələləri, mədəniyyət məsələləri daimi komissiyalarının üzvləri ilə görüşmüşdür. Qonaqlar əvvəlcə Milli Məclisin iclas salonu ilə tanış olmuş, Heydər Əliyev muzeyinin eksponatlarına baxmışlar.
Elm və təhsil məsələləri daimi komissiyası sədrinin müavini Bəxtiyar Əliyev qonaqları səmimi salamlamış, həmkarlarını təqdim etmiş, komissiyanın fəaliyyəti barədə məlumat vermişdir.
Bəxtiyar Əliyev demişdir ki, cəmiyyətin inkişafı, bütün sahələrdə yeniliklərin əldə olunması elm və təhsillə sıx bağlıdır. Yalnız yüksək səviyyədə maariflənmiş cəmiyyətlərdə demokratiyanın inkişafından söhbət gedə bilər. Həmçinin elm və təhsil sahəsində mübadilə prosesinin həyata keçirilməsi xalqların inteqrasiyasına və tərəqqisinə səbəb olur.
Komissiya sədrinin müavini Azərbaycanda elm və təhsilin inkişafının xüsusi dövlət qayğısı ilə əhatə olunduğunu, cəmiyyətin maariflənməsinin dövlət siyasətinin prioritetini təşkil etdiyini vurğulamışdır. Bildirmişdir ki, ölkəmizin ən ucqar kəndlərində belə insanlar təhsildən kənar qalmırlar. Əsaslı təhsil islahatları nəticəsində Azərbaycanda son illərdə müasir təhsil vasitələri ilə təmin olunmuş yüzlərlə orta məktəb binası istismara verilibdir. Heydər Əliyev Fondunun dəstəyi ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 200-dən artıq məktəb binası tikilib və lazımi avadanlıqla təchiz edilmişdir. Azərbaycanda müasir həyatın bütün sahələrini əhatə edən elm mərkəzləri fəaliyyət göstərir, elmi tədqiqat işləri həyata keçirilir.
Peter Pleva səmimi qəbul və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, öz növbəsində üzvü olduğu komitənin fəaliyyəti, Çexiyada təhsilin vəziyyəti barədə məlumat vermişdir.
Qonaq təhsil sahəsində ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu qeyd etmişdir.
Azərbaycan parlamentinin üzvləri çexiyalı həmkarlarını maraqlandıran suallara cavab vermişlər.
X X X
Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov qonaqlara komissiyanın fəaliyyəti barədə məlumat vermiş, ölkəmizdə mədəniyyətə dövlət qayğısından söz açmışdır.
Komissiya sədri bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycanda mədəniyyətinin inkişafına xüsusi diqqətini vurğulamışdır.
Nizami Cəfərov qeyd etmişdir ki, Azərbaycanda əhalinin əksər hissəsinin islam dininə etiqad etməsinə baxmayaraq, digər dinlər də eyni hüquqda fəaliyyət göstərir və bu dinlərin inkişafı üçün də lazımi şərait yaradılır. Müxtəlif dini icmalar və konfessiyalar arasında münasibətlər normal səviyyədə qurulur. Təsadüfi deyildir ki, Azərbaycan dövləti dini tolerantlığına görə dünyada nümunə göstərilir.
Komissiyanın üzvləri - Vaqif Səmədoğlu, Jalə Əliyeva mədəniyyətlərarası dialoqun rolunu, ölkələrimiz arasında mədəni əlaqələrin bərpasının vacibliyini diqqətə çatdırmışlar.
Peter Pleva və həmkarları ətraflı məlumat üçün təşəkkür etmiş, azərbaycanlı deputatların Çexiya tarixi və mədəniyyətinə bələdliyinə heyranlıqlarını bildirmişlər. Qonaqlar Azərbaycanın iqtisadi inkişafından, Bakının gözəlliyindən məmnunluqlarını da gizlətməmişlər.
Çexiyalı qonaqların suallarına aydınlıq gətirilmişdir.
######
