MİLLİ MƏCLİSDƏ QƏBUL
Aprelin 8-də Milli Məclisin sədri Murtuz Ələsgərov Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Çjan Siyunu qəbul etmişdir.
Parlamentin sədri səfiri bu məsul vəzifəyə təyin olunması və Azərbaycan Prezidenti Heydər Əliyevə etimadnaməsini təqdim etməsi münasibətilə təbrik etdi.
Çjan Siyun qəbula görə Milli Məclisin sədrinə minnətdarlığını bildirərək, Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin salamını ona yetirdi. O, Çinlə Azərbaycan arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi ilə əlaqədar səfirlikdə təşkil edilmiş qəbulda iştirakına görə Murtuz Ələsgərova minnətdarlığını bildirdi.
Diplomat ikitərəfli münasibətlərin perspektivlərindən danışaraq dedi ki, Çin tərəfi parlamentlərarası əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Çin parlamentində Azərbaycan parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir və ölkənin qanunvericilik orqanı rəhbərinin müavinlərindən biri onun üzvüdür. Çjan Siyun hazırda ölkələrimiz arasında münsibətlərin yüksək səviyyədə olduğunu vurğuladı.
Murtuz Ələsgərov Çin diplomatının bu fikri ilə razılaşaraq xatırlatdı ki, münasibətlərin bu cür inkişafında dövlət başçılarının görüşləri böyük rol oynamışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri zamanı Çin Xalq Respublikasının sədri Tszyan Tszeminlə, ölkənin digər rəhbərləri ilə görüşləri iki dost dövlət arasında əlaqələrin inkişafına təkan vermişdir. İmzalanmış sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını müəyyənləşdirmişdir. Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Penin rəsmi səfəri də Azərbaycan-Çin münasibətləri tarixində mühüm hadisə olmuşdur. Bu səfər parlamentlərarası münasibətlərin daha sürətlə inkişafına kömək etmişdir.
Milli Məclisin sədri xatırlatdı ki, Azərbaycan parlamentində də Çin parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir və onun bəzi üzvləri Milli Məclisin bu günlərdə Çinə yola düşəcək nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.
Qəbulda ikitərəfli münasibətlərin inkişafı ilə bağlı bir sıra digər məsələlər də müzakirə olundu.